“Özəl sektor uzunmüddətli sərmayə qoyuluşuna cəlb olunmalıdır” – Samir Şərifov
December 9, 2016

Prezident İlham Əliyev: “Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir”

Bakı-APA. “Özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq”.
APA-nın məlumatına görə, bunu iyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı “Norm” sement zavodunun ən müasir standartlara cavab verdiyini bildirərək, bu zavodun fəaliyyətə başlamasının sement istehsalında bütün hədəflərə çatmaq üçün imkan yaratdığını qeyd edib: “Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi”.

Dövlət başçısı zavodun inşasına 350 milyon dollar sərmayə qoyulduğunu bildirərək, bunun, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodu olduğunu qeyd edib: “Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir”.

Prezident İlham Əliyev dövlət siyasətinin bütün istiqamətlərinin bu zavodda öz əksini tapdığını qeyd edib: “Hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılır və ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə başlamasını qeyd etmişik. Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları var. Hazırda bu zavodun – ən böyük “Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyil. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər”.

“Zavodun tikintisində ən müasir avadanlıqdan istifadə edilib, Avropa istehsalı olan avadanlıq quraşdırılıb. Zavodun tikintisini isə baş podratçı kimi Çin şirkəti icra edib və bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin güclü olduğunu göstərir. Bizim tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək, işləmək üçün bizə çoxlu müraciətlər daxil olur. Azərbaycanda son illərdə müşahidə olunan iqtisadi inkişaf, sənayeləşmə prosesi, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizə beynəlxalq biznes qurumlarının diqqətini artırır. Eyni zamanda, bizim uğurlu inkişafımıza da böyük inam var. Çünki bu gün bizim həm maliyyə, həm iqtisadi vəziyyətimiz kifayət qədər möhkəmdir, sabitdir. Bizim iqtisadi siyasətimiz dəqiq proqram əsasında icra edilir. Hazırda üçüncü regional inkişaf proqramı icra edilir və bu proqram 2018-ci ilə qədər ölkəmizin əsas infrastruktur layihələrinin icrasına xidmət göstərəcək”, deyə president bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın xarici tərəfdaşları bütün bu məlumatları əldə ediblər və bilirlər ki, Azərbaycanda həm dövlət investisiyaları, eyni zamanda, özəl investisiyalar böyük həcmdə qoyulur: “Dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır. Özəl sektor isə Azərbaycanın sürətli inkişafından istifadə edərək öz sərmayələrini bax, belə gözəl müəssisələrə yönəldir və beləliklə, Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaq”.

İlham Əliyev hakimiyyətin ölkədə gedən sənaye və iqtisadi proseslərin istiqamətləndirdiyini qeyd edərək, bu sahədə təhlükəsizliyim tam şəkildə təmin edilməsinin əsas məsələ olduğunu vurğulayıb: “İlk növbədə enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq 100 faiz səviyyəsində təmin edilib və hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk”.

Azərbaycanda nəqliyyat təhlükəsizliyinin təmin edildiyini bildirən dövlət başçısı, son vaxtlar icra edilən və icrada olan layihələrin – Bakı-Tbilisi-Qars dəmir yolunun, Gəmiqayırma zavodunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin, digər layihələrin nəqliyyat təhlükəsizliyini tam təmin edəcəyini qeyd edib: “Coğrafi vəziyyətimiz elədir ki, əgər biz müasir infrastrukturla bu coğrafi üstünlükləri zənginləşdirsək Azərbaycan ərazisindən böyük həcmdə yüklərin keçirilməsi mümkün olacaq”.

Ərzaq təhlükəsizliyin də təmin edildiyini bildirən prezident İlham Əliyev, ölkənin yaxın zamanlarda özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyini qeyd edib: “Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlayıb”.

Prezident İlham Əliyev Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələrin fəaliyyət göstərdiyini qeyd edib: “Bir sözlə, özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq. Belə olan halda ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaq. Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir. Baxmayaraq ki, biz indi böyük qaz layihələrini icra etməyə başlayırıq və əlavə böyük qaz hasilatı gözlənilir, əminəm, yaxın illərdə qeyri-neft sektorumuz ümumi iqtisadiyyatda daha da böyük paya malik olacaq”, deyə president qeyd edib.

“Ölkəmizin inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir – daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə və iqtisadi qurumları Azərbaycanda iqtisadi sahədə görülən işlərə çox böyük qiymət verir. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 39-cu yerdədir. Belə zavodların işə düşməsi nəticəsində bizim yerimiz daha da yüksək olacaq”, deyə dövlət başçısı qeyd edib.