Peşə təhsili müəssisələrində yenilik
December 9, 2016
“Özəl sektor uzunmüddətli sərmayə qoyuluşuna cəlb olunmalıdır” – Samir Şərifov
December 9, 2016

Diversifikasiyada inklüzivliyə

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda yekunlaşan 48-ci illik toplantısının yekunları qeyri-sabit iqtisadiyyatlar şəraitində həm AİB-nin, həm də Azərbaycan hökumətinin siyasətinə düzəlişlər edildiyini göstərir.

İlk dəfə olaraq dünyada məşhur olan inklüziv iqtisadiyyat, siyasət, dövlət haqqında tezis, nəhayət ki, Azərbaycanın maliyyə naziri Samir Şərifovun çıxışında da səslənib. Məlum olduğu kimi, o, dünya konyunkturasını diqqətlə izləyir. AİB-yə müraciət edərək, o, bu təşkilatın regional miqyasda inklüziv iqtisadiyyatın inkişafında iştirak etməsini istəyib, eyni zamanda, ölkə hökumətinin ölkə daxilində belə iqtisadiyyatın yaradılması üzərində işlədiyini qeyd edib. “Azərbaycan artıq xarici şoklardan daha çox təcrid edilmiş yeni model üzərində işləyir və bu iqtisadiyyatın diversifikasiyası modelidir”, deyə Şərifov bildirib.

Yeni model dedikdə, ilk növbədə iqtisadiyyatın üç prioritet istiqaməti: kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları üzrə mal və xidmətlərin daxili istehsalının genişləndirilməsi hesabına sabit inkişafa nail olmaq nəzərdə tutulur. Statistik məlumatlar göstərir ki, dünyada böhran şəraitində Yaponiya, Çin, Sinqapur sabitlik göstəriblər. Onlar daxili istehsalın geniş inkişafı sayəsində buna nail olublar.

İnklüziv iqtisadiyyat mövzusu son vaxtlar yoxsullar və zənginlər arasında fərqin artması fonunda dəbə düşür. Asiya və Sakit Okean regionunda 2 mlrd. 200 mln. insan yoxsulluq səviyyəsindədir. AİB prezidenti Takexiko Nakao üzv ölkələri yoxsulluğun azalmasına və inklüziv artıma diqqət yetirməyə çağırıb.

İnklüziv iqtisadiyyata bütün biznes subyektlərinin və əhalinin bərabərhüquqlu iştirakı, ədalətli rəqabətin təşviqi və fəaliyyət azadlığı daxildir.

Şərifov etiraf edib ki, neft qiymətlərinin düşməsi fonunda Azərbaycan iqtisadiyyatı zəifliyini göstərib ki, bu da iqtisadiyyatın diversifikasiyası və dövlət və özəl biznes arasında tərəfdaşlıq münasibətləri yaradılması vəzifəsini ilk plana çıxarır. Məlum olduğu kimi, Azərbaycan hökuməti neft qiymətlərinin kəskin şəkildə düşməsi şəraitində vəziyyəti xilas etmək üçün manatı 35% ucuzlaşdırmalı, büdcə xərclərini azaltmalı və bir sıra infrastruktur layihələrini təxirə salmalı olub.

Hökumətin 2016-ci il büdcəsində neftin qiymətini 50 dollar səviyyəsində nəzərə almaq niyyəti “kəmərlərin sıxılması siyasətinə” dəlalət edir. Bunun iqtisadiyyata həm mənfi, həm də müsbət təsiri olacaq. Bir tərəfdən böyük infrastruktur xərclərinin azaldılması müəyyən durğunluğa gətirib çıxaracaq, digər tərəfdən isə hökuməti kiçik və özəl biznesin inkişafının stimullaşdırılması üzrə qərarlar qəbul etməyə vadar edəcək ki, bu da yaxın gələcəkdə diversifikasiya edilmiş iqtisadiyyatın real olaraq bərqərar olması üçün şərait yaradacaq.

Prezident İlham Əliyevin nitqindən makroiqtisadi sabitliyin qorunub saxlanması üzrə başqa tədbirlər də aydın olub. Onlar iqtisadiyyatın müasirləşdirilməsi və müxtəlifləşdirilməsi, xarici borcların azaldılması, neft gəlirlərindən asılılığın azaldılması, istehlak bazarında qiymətqoymaya nəzarətdən ibarətdir.

Lakin bütünlükdə çıxışlardan aydın olur ki, Azərbaycan hökuməti öz zəifliyini və dünya iqtisadiyyatının yeni çağırışlarına reaksiya verməyə hazır olmadığını dərk edir. Maliyyə Nazirliyi rəhbərinin bəyanatı da buna dəlalət edir. O, hökumətin milli valyutanın nə ucuzlaşacağını, nə də bahalaşacağını istisna etmədiyini deyib.

Operativ planda müəyyən sabitlik və idarə oluna bilmə xarici valyuta daxilolmalarının miqyasından asılıdır. Bunun üçün hələlik avrobrendlərin yerləşdirilməsi üzrə uğursuz cəhdlər edilir. Digər təşəbbüslər haqqında hələlik heç nə məlum deyil.

Hazırki korrupsiyalı siyasət şəraitində hansısa investisiyaların uğurlu ola biləcəyi ehtimalı azdır. Məsələn, AİB-nin Azərbaycanın üç özəl maliyyə institutuna (Access Bank QSC), DemirBank ASC və Finca Azərbaycan qeyri-bank kredit təşkilatı) ümumilikdə 120 mln. dollar kredit ayırması kimi. Vəsait kənd təsərrüfatı ilə məşğul olan mikro, kiçik və orta müəssisələrin kreditləşməsinə yönəldiləcək. Keçmiş milyardlarla xarici borcların və dövlətin daxili investisiyalarının yekunları hiss olunacaq nəticələrin olmadığını göstərir – Azərbaycan ərzaq idxalından həddindən artıq asılı olaraq qalır.

Hələlik Azərbaycanda Yaponiyanın maliyyə naziri Taro Assonun məsləhətlərindən necə faydalanacaqları aydın deyil. AİB-nin Bakı forumunda çıxış edərkən o, sabit inkişaf üçün dörd mühüm addımı açıqlayıb: dünya səviyyəli infrastruktur layihələrinin həyata keçirilməsi, keyfiyyət infrastrukturuna investisiya, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin həyata keçirilməsi, nou-xau tətbiqi.

Vəziyyət göstərir ki, Azərbaycanda:

– dünya səviyyəli qeyri-neft infrastruktur layihələri yoxdur,

– keyfiyyət infrastrukturuna investisiya yoxdur,

– dövlət və özəl sektor tərəfdaşlığı dövlət vəzifələrinin və əyri yollarla əldə edilmiş şəxsi kapitalın birləşməsi kimi görülür,

– nou-xau tətbiqi yalnız manatın 35 faizlik devalvasiyası şəklində qeydə alınıb ki, bu da əhaliyə dünya kataklizmləri şəraitində yüksək sabitliyə nail olmaq nümunəsi kimi təqdim edilir.

Lakin yenə də prezidentin və maliyyə nazirinin çıxışlarından görünürdü ki, AİB və Yaponiya XİN rəhbərlərinin tövsiyələri onlar üçün əhəmiyyətsiz deyildi. Amma iqtisadiyyatın diversifikasiyası və inklüzivləşməsi istiqamətində addımların nə dərəcədə ardıcıl və səmimi olacağını yaxın gələcək göstərəcək. Valyuta ehtiyatlarının sürətlə azaldığı bir dövrdə isə buna vaxt çox azdır.