Son onilliklərdə dünya ölkələrinin əksəriyyəti dövlət paternalizmindən imtina edir, bərabər hüquqlu dövlət və özəl sektor tərəfdaşlığına xüsusi diqqət yetirirlər. Dünyada dövlətlə biznesin konkret hansı formada tərəfdaşlığının dövlət-özəl sektor işbirliyinə aid edilməsi ilə bağlı yekdil fikir yoxdur. Dövlət-Özəl sektor Tərəfdaşlığı (Public Private Partnership) dövlətin biznes layihələrinə qoşulmasını deyil, ictimai əhəmiyyətli layihələrə dövlət tərəfindən özəl sektorun cəlb olunması mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Müasir anlamda Dövlət-Özəl sektor Tərəfdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət və biznes arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. Adətən, belə alyanslar müvəqqəti olur və konkret layihənin həyata keçirilməsi məqsədi ilə müəyyən bir müddətə yaradılır və layihənin icrasından sonra fəaliyyətini dayandırır.

Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat (avtomobil yolları, dəmir yolları, hava limanları, dəniz limanları, boru nəqliyyatı və s.), sosial infrastuktur (səhiyyə, təhsil, istirahət və turizm), kommunal (su təchizatı, elektrik təchizatı, suyun təmizlənməsi, qaz təchizatı və s.) sektorlarında daha uğurla tətbiq olunur.

London Beynəlxalq Maliyyə Xidmətinin hesabatına görə, hazırda dünyanın 60-dan çox ölkəsində dövlət-özəl sektor tərəfdaşlığına əsaslanan layihələr həyata keçirilir. Təkcə son 20 ildə Avropa İttifaqında 1400 belə layihə imzalanıb ki, onların da ümüumi dəyəri 260 milyard avroya yaxındır. 2008-ci ildə başlanan qlobal maliyyə böhranından sonra belə layihələrin sayı 40% azalsa da, Avropada ictimai infrastukturun inkişafında dövlətin bizneslə əməkdaşlığnın vacibliyini nəzərə alaraq dövlət-özəl sektor tərəfdaşlığını dəstəkləmək məqsədi ilə Avropa Ekspert Mərkəzi yaradılıb.

Statistikaya görə, Mərkəzi və Şərqi Avropa ölkələrində, Baltikyanı ölkələrdə və keçmiş SSRİ ölkələrində dövlət-biznes tərəfdaşlığının liderlik etdiyi sahələr avtomobil yollarının, körpülərin, tunellərin, metroların, hava və dəniz limanlarının tikintisidir.

Keçmiş SSRİ ölkələrində dövlət-biznes tərəfdaşlığı başlanğıc mərhələsində olmasının əsas səbəbi bu məkanda ötən əsrin 90-cı illərinə qədər özəl sektorun olmamasından qaynaqlanır. Bununla yanaşı, son illər Qazaxstan, Belarus, Qırğızıstan, Gürcüstan və Rusiyada Dövlət Özəl sektor Tərəfdaşlığının yüksəlişində hökümətin ciddi marağı və dəstəyi hiss olunmaqdadır. Bu ölkələrdə DÖT mexanizmlərinin sürətlə inkişafını təmin etmək üçün dövlət proqramı/çərçivə qanunu və digər zəruri normativ-hüquqi baza yaradılıb, birbaşa prezident və ya baş nazirin tabeliyi altında bu siyasəti həyata keçirən/tənzimləyən xüsusi statuslu dövlət təsisatları fəaliyyət göstərirlər. Həcmi milyardlarla ölçülən investisiyalar cəlb olunmaqla strateji əhəmiyyətli infrastruktur layihələr icra edilir ki, bu da öz növbəsində sosial-iqtisadi inkişafa təkan verir.

Azərbaycan Respublikasında ilk konsessiya müqavilələrini – Hasilatın Pay Bölgüsü sazişləri və “Bakıelektrikşəbəkə”nin idarə olunmasının “Barmek Holdinq A.Ş.”yə verilməsini nümunə kimi göstərmək olar. “Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsinə dair müqavilə (Azərbaycan höküməti adından “Təmiz Şəhər” ASC və Fransanın “CNİM” S.A şirkəti) hal hazırda “Layihələndirmə-Tikinti-İstismar” (“Design-Build-Operate”) prinsipi ilə həyata keçirilən uğurlu layihə hesab edilir.

Lakin, Azərbaycan dövlətinin inkişaf strategiyasında qarşısına qoyduğu hədəflərə yalnız innovativ yanaşmaları tətbiq etməklə məhdud maliyyə qıtlığı şəraitində uzunmüddətli sabit sosial-iqtisadi nailiyyətlər əldə edə bilər. Dövlət Özəl sektor Tərəfdaşlığı mexanizmlərinin tətbiqi məhz belə alətlərdən biri hesab edilir.